İƏİT-nin "Dövlət müəssisələrində Korporativ İdarəetmə" Təlimatları (bundan sonra - “DM Təlimatları”) direktiv orqanların Dövlət müəssisələri üçün effektiv mülkiyyət və korporativ idarəetmə çərçivələrini tərtib etməsi üzrə aparıcı beynəlxalq standartdır. G20/İƏİT Korporativ İdarəetmə Prinsiplərinə əlavə olaraq, onlar dövlət sektorunda şəffaflıq, hesabatlılıq, dürüstlük və səmərəliliyin gücləndirilməsi baxımından dövlət mülkiyyətinin üzləşdiyi unikal çağırışları və imkanları nəzərdən keçirmək məqsədi daşıyır. Onlar rəqabəti gücləndirmək, mülkiyyət təcrübələrini peşəkarlaşdırmaq və dövlət müəssisəsinin fəaliyyət göstəricilərini yüksəltmək üçün institusional, hüquqi və tənzimləyici bazalarında islahatların aparılmasında ölkələr üçün təməl daşına çevriliblər.
DM Təlimatlarının 2024-cü ildə yenidən nəzərdən keçirilməsi təxminən 20 illik icra təcrübəsinə əsaslanır və ən son İƏİT standartlarını və qabaqcıl təcrübələri əks etdirməklə onların iddialılığını və aktuallığını artıracaq. Bazarda dövlət müəssisələrinin artan rolu fonunda yenidən nəzərdə keçirilmiş DM Təlimatları Dövlət müəssisələri və özəl müəssisələr arasında bərabər səviyyədə rəqabəti bundan sonra da təmin etmək məqsədi daşıyır. DM-nin sağlam idarəçiliyini təmin etmək üçün yenidən nəzərdən keçirilmiş DM Təlimatlarında dövlətin fəal, məlumatlı və peşəkar mülkiyyətçi kimi fəaliyyət göstərməsinin zəruriliyi vurğulanır. Buraya DM-lərdən, xüsusən də ictimai siyasətin məqsədləri ilə bağlı motivlərin və gözləntilərin dəqiq müəyyənləşdirilməsi daxildir. Yenidən nəzərdən keçirilmiş DM Təlimatları həmçinin idarəetmə orqanlarından öz funksiyalarını yerinə yetirmək üçün lazımi səlahiyyət, dürüstlük və obyektivliyə malik olmağı, həmçinin səhmdarlara və maraqlı tərəflərə münasibətdə yüksək şəffaflıq, məlumatların açıqlanması və hesabatlılıq standartlarına riayət etməyi tələb edir.
Yenidən nəzərdən keçirilmə dövlət müəssisələrinin və onların mülkiyyətçilərinin dayanıqlılıq üzrə nümunə göstərməkdə oynaya biləcəkləri rolu tanıyır. Bura DM mülkiyyətçiləri üçün dayanıqlılıq mülahizələrinin mülkiyyət siyasətlərinə inteqrasiyası, DM-lər üçün isə dayanıqlılıq və uzunmüddətli dəyər yaradılmasını təmin etmək üçün risk menecment və məsuliyyətli biznes davranışından istifadə etməklə iddialı və konkret dayanıqlılıq məqsədlərinin müəyyən edilməsi daxildir.
DM Təlimatları hökumətlər üçün dövlət sektorunda şəffaf, hesabatlı və dayanıqlı idarəetmə təcrübələrini təşviq etmək üçün dəyərli vasitə olaraq qalacaqdır. İƏİT DM Təlimatlarının həyata keçirilməsini qlobal səviyyədə təşviq etmək üçün bütün ölkələr və tərəfdaşlarla işləməyə davam edəcəkdir.
Mathias Cormann,
İƏİT-in Baş katibi