Korporativ İdarəetmə Prinsipləri ("Prinsiplər") iqtisadi səmərəliliyi, dayanıqlı inkişafı və maliyyə sabitliyini dəstəkləmək məqsədi ilə korporativ idarəetmə üçün hüquqi, tənzimləyici və institusional bazanı qiymətləndirmək və təkmilləşdirmək üzrə siyasəti müəyyən edən və tənzimləyən orqanlara kömək etmək üçün nəzərdə tutulmuşdur. Bu, ilk növbədə, səhmdarları, idarə heyəti üzvlərini və icraçıları, işçi qüvvəsini və müvafiq maraqlı tərəfləri, eləcə də maliyyə vasitəçilərini və xidmət təminatçılarını öz rollarını yerinə yetirmək üçün düzgün məlumat və stimullarla təmin etməklə və yoxlama və tarazlıq çərçivəsində hesabatlılığın təmin edilməsinə kömək etməklə əldə edilir.
Korporativ idarəetmə şirkətin rəhbərliyi, idarə heyəti, səhmdarlar və maraqlı tərəflər arasında bir sıra münasibətləri əhatə edir. Korporativ idarəetmə həmçinin şirkətin istiqamətləndirildiyi və məqsədlərinin müəyyən edildiyi struktur və sistemləri təmin edir, bu məqsədlərə çatmaq üçün vasitələr və fəaliyyətin monitorinqini müəyyən edir.
Prinsiplər məcburi deyil və milli qanunvericilik üçün təfərrüatlı göstərişlər təqdim etmək məqsədi daşımır. Prinsiplər daxili qanunvericiliyi və normativ aktları əvəz etmir və onları üstələyən norma kimi qəbul edilməməlidir. Əksinə, onlar məqsədləri müəyyən etmək və onlara nail olmaq üçün adətən qanunvericilik, tənzimləmə, listinq qaydaları, özünütənzimləmə tədbirləri, müqavilə öhdəlikləri, könüllü öhdəliklər və biznes təcrübələri elementlərini əhatə edən müxtəlif vasitələr təklif etmək məqsədi daşıyır. Prinsiplərin yurisdiksiya üzrə həyata keçirilməsi onun milli hüquqi və tənzimləyici kontekstindən asılı olacaq. Prinsiplər siyasəti müəyyən edən orqanlar və bazar iştirakçıları üçün korporativ idarəetmə üzrə onların öz bazalarını inkişaf etdirmək üçün möhkəm, lakin çevik istinad təmin etmək məqsədi daşıyır. Dəyişən dünyada rəqabətə davamlı qalmaq üçün korporasiyalar yeni tələblərə cavab vermək və yeni fürsətləri yaxalamaq məqsədi ilə korporativ idarəetmə təcrübələrini yeniləməli və uyğunlaşdırmalıdırlar. Tənzimləmənin xərclərini və faydalarını nəzərə alaraq, hökumətlər bazarların səmərəli fəaliyyət göstərməsi və səhmdarların və maraqlı tərəflərin yeni gözləntilərinə cavab verməyə imkan verən, kifayət qədər çevikliyi təmin edən effektiv hüquqi bazanın formalaşdırılması üçün mühüm məsuliyyət daşıyırlar. Prinsiplər özü-özlüyündə təkamül xarakteri daşıyır və korporativ idarəetmə sahəsində siyasəti müəyyənləşdirən orqanlara kömək etmək üçün aparıcı beynəlxalq standart kimi öz rolunu qorumaq məqsədi ilə şərtlərdə yaranan əhəmiyyətli dəyişikliklər nəzərə alınmaqla baxışdan keçirilir.
Lazımi şəkildə işlənib hazırlanmış korporativ idarəetmə siyasətləri daha geniş iqtisadi məqsədlərə və dövlət siyasətinin üç əsas faydasına nail olmaqda mühüm rol oynaya bilər. Birincisi, onlar şirkətlərə, xüsusən də kapital bazarlarından daxil olan maliyyə vəsaitlərinin əldə edilməsini yaxşılaşdırmağa kömək edirlər. Bununla onlar innovasiyanı, məhsuldarlığı və sahibkarlığı təşviq edir və iqtisadi dinamikanı daha geniş şəkildə gücləndirirlər. Birbaşa və ya dolayı yolla kapital təmin edənlər üçün müvafiq korporativ idarəetmə onların ədalətli və bərabər şərtlərlə şirkətin dəyərinin yaradılmasında iştirak edə və paylaşa biləcəklərinə zəmanət rolunu oynayır. Buna görə də, o, korporasiyaların böyümə üçün kapital əldə edə biləcəyi xərclərə təsir göstərir.
Bu, müasir qloballaşan kapital bazarlarında mühüm əhəmiyyət kəsb edir. Beynəlxalq kapital axınları şirkətlərə daha böyük investorlar toplusundan maliyyələşmə əldə etmək imkanı yaradır. Əgər şirkətlər və ölkələr qlobal kapital bazarlarından tam faydalanmaq və biznes mələkləri tərəfindən uzunmüddətli kapital cəlb etmək istəyirlərsə, onların korporativ idarəetmə mexanizmləri etibarlı olmalı, həm ölkə daxilində, həm də sərhədlərdən kənarda lazımi şəkildə başa düşülməli və beynəlxalq səviyyədə qəbul edilmiş prinsiplərə uyğun olmalıdır.İkincisi, müvafiq şəkildə işlənib hazırlanmış korporativ idarəetmə siyasətləri sərmayə şəklində qoyulmuş əmanətləri olan ailə təsərrüfatlarını əhatə edən investorları qorumaq üçün hüquqi baza təmin edirlər. İdarə heyəti üzvlərinin və rəhbər işçilərin səhmdarlar qarşısında şəffaflığını və hesabatlılığını təşviq edən prosedurların formal strukturu bazarlarda etibarın yaradılmasına kömək edir, bununla da korporasiyaların maliyyə mənbələrinə çıxışına dəstək verir. Əhalinin əhəmiyyətli bir hissəsi ya birbaşa pərakəndə investorlar kimi, ya da dolayısı ilə pensiya və investisiya fondları vasitəsilə dövlət kapital bazarlarına sərmayə qoyur. Hüquqlarının qorunduğunu bilən şəxslərin korporativ dəyər yaradılmasında iştirak edə biləcəkləri sistemlə təmin edilməsi ailə təsərrüfatlarına əmanətləri və pensiyaları üçün daha yüksək gəlir əldə etməyə kömək edə biləcək investisiya imkanlarına çıxış imkanı yaradacaq. İnstitusional investorların öz portfellərinin böyük bir hissəsini getdikcə daha çox xarici bazarlara ayırdıqlarını nəzərə alsaq, investorları qorumaq üçün siyasətlər həm də transsərhəd investisiyaları əhatə etməlidir.
Üçüncüsü, müvafiq şəkildə işlənib hazırlanmış korporativ idarəetmə siyasətləri, həmçinin korporasiyaların davamlılığını və dayanıqlılığını dəstəkləyir və öz növbəsində daha geniş iqtisadiyyatın davamlılığına və dayanıqlılığına töhfə verə bilər. İnvestorlar daha geniş iqtisadi, ekoloji və sosial problemlərin yaratdığı maliyyə riskləri və imkanlarını və şirkətlərin bu risklərə davamlılığını və həmin risklərin idarə olunmasını əhatə etmək üçün şirkətlərin maliyyə göstəricilərinə diqqətlərini getdikcə artırmaqdadırlar. Bəzi yurisdiksiyalarda siyasəti müəyyən edən tərəflər, həmçinin şirkətlərin əməliyyatlarının bu cür problemlərin həllinə necə töhfə verə biləcəyinə diqqət yetirirlər. Dayanıqlılıq məsələləri ilə bağlı korporativ idarəetmə üçün sağlam baza şirkətlərə səhmdarların və müxtəlif əlaqədar tərəflərin maraqlarını tanımağa və onlara cavab verməyə kömək edə bilər, həmçinin onların uzunmüddətli uğurlarına töhfə verə bilər. Bu cür baza dayanıqlılıqla bağlı əhəmiyyətli məlumatların, etibarlı, ardıcıl və müqayisə edilə bilən, o cümlədən iqlim dəyişikliyi ilə bağlı məlumatların açıqlanmasını əhatə etməlidir. Bəzi hallarda yurisdiksiyalar dayanıqlılıqla bağlı açıqlama və əhəmiyyətlilik anlayışlarını səhmdarın investisiya və ya səsvermə ilə bağlı ağlabatan qərarlar qəbul etmək üçün ehtiyac duyduğu məlumatları ifadə edən müvafiq standartlar baxımından şərh edə bilər.
Prinsiplərin qısa, başa düşülən və qlobal miqyasda yaxşı korporativ idarəetmənin inkişaf etdirilməsində və həyata keçirilməsində rolu olan bütün iştirakçılar üçün əlçatan olması nəzərdə tutulur. Prinsiplər əsasında, korporativ idarəetmə bazasının keyfiyyətini qiymətləndirmək və ölkəyə xas iqtisadi, hüquqi və mədəni fərqləri nəzərə alan daha ətraflı məcburi və ya qeyri-məcburi müddəaları müəyyən etmək hökumət, yarı-hökumət və ya özəl sektor təşəbbüslərinin vəzifəsidir.
Prinsiplər diqqəti açıq qiymətli kağızlar bazarına çıxarılan, həm maliyyə, həm də qeyri-maliyyə şirkətlərinə yönəldir. Prinsiplər onların tətbiq oluna biləcəyi dərəcədə səhmləri açıq şəkildə bazara çıxarılmayan şirkətlərdə korporativ idarəetməni təkmilləşdirmək üçün faydalı vasitə ola bilər. Prinsiplərin bəziləri kiçik şirkətlərə nisbətən daha böyük şirkətlər üçün daha münasib olduğu halda, siyasəti müəyyənləşdirən orqanlar bütün şirkətlər, o cümlədən daha kiçik və siyahıya daxil edilməmiş şirkətlər, eləcə də borc qiymətli kağızları buraxan şirkətlər üçün uğurlu korporativ idarəetmə haqqında məlumatlılığı artırmaq istəyə bilərlər. Dövlətə Məxsus Müəssisələrdə Korporativ İdarəetməyə dair İƏİT-nin Təlimatları Prinsipləri tamamlayır. Ətraf mühit, korrupsiyaya qarşı mübarizə və ya etika sahəsində narahatlıq doğuran məsələlər kimi şirkətin qərar qəbul etmə proseslərinə aid olan digər amillər təkcə Prinsiplərdə deyil, həm də bir sıra digər beynəlxalq standartlarda, o cümlədən İƏİT-nin Çoxmillətli Müəssisələr üçün Təlimatlarında, Beynəlxalq Biznes Əməliyyatlarında Xarici Dövlət Rəsmilərinin Rüşvətxorluğu ilə Mübarizə üzrə İƏİT-nin Konveniyasında, BMT-nin Biznes və İnsan Hüquqları üzrə Rəhbər Prinsiplərində və BƏT-in Təməl Prinsiplər və Əmək Hüquqları üzrə Bəyannaməsində nəzərdə tutulmuşdur ki, Prinsiplərdə onlara istinad edilir.
Prinsiplər bazar iştirakçılarının, idarə heyəti üzvlərinin və rəhbərliyin işgüzar mühakimələrinə xələl gətirmək və ya proqnozlaşdırmaq məqsədi daşımır. Bir və ya bir neçə şirkətdə və yaxud bir və ya bir neçə investor üçün uğurlu alınan addım ümumilikdə uğurlu addım anlamına gəlməməlidir. Şirkətlər yetkinlik, ölçü və mürəkkəblik baxımından bir-birindən fərqlənir. Beləliklə, uğurlu korporativ idarəetmənin vahid modeli yoxdur. Bununla belə, Prinsiplər uğurlu korporativ idarəetmənin əsasını təşkil edən bəzi ümumi elementləri təklif edərək, nəticəyönümlü yanaşma tətbiq edir. Prinsiplər bu ümumi elementlər üzərində qurulur və mövcud olan müxtəlif modelləri əhatə etmək üçün tərtib edilmişdir.
Məsələn, onlar hər hansı xüsusi şura strukturunu müdafiə etmirlər və Prinsiplərdə istifadə edilən “şura” termini şura strukturlarının müxtəlif milli modellərini əhatə etmək üçün nəzərdə tutulmuşdur. Tipik ikipilləli sistemdə, bir sıra yurisdiksiyalarda rast gəlinən, Prinsiplərdə istifadə olunan "şura" ifadəsi "müşahidə şurası", "rəhbər icraçı şəxslər" ifadəsi isə "idarə heyəti" mənasını verir. Unitar şuraya daxili auditor orqanı tərəfindən nəzarət edildiyi sistemlərdə şuraya tətbiq olunan Prinsiplər, zəruri dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. “Əsas icraçı şəxs” termininin anlayışı müxtəlif yurisdiksiyalar arasında və kontekstdən asılı olaraq, məsələn, mükafatlandırma və ya əlaqəli tərəflərlə əməliyyatlar ilə bağlı fərqli məna verə biləcəyi üçün Prinsiplər bu terminin Prinsiplərin nəzərdə tutulan nəticəsinə cavab verən funksional şəkildə müəyyən edilməsini ayrı-ayrı yurisdiksiyaların ixtiyarına buraxır. Mətndə “korporasiya” və “şirkət” terminləri bir-birini əvəz edən mənada istifadə olunur. Prinsiplərin daxilində "Maraqlı tərəflər" termini səhmdar olmayan maraqlı tərəfləri, o cümlədən, digərləri ilə yanaşı və işçi qüvvəsini, kreditorları, müştəriləri, təchizatçıları və görülən işlərin təsirinə məruz qalan icmaları və s. əhatə edir.
Prinsiplər bütün dünyada ayrı-ayrı yurisdiksiyalar tərəfindən etalon kimi geniş istifadə olunur. Onlar həmçinin Maliyyə Sabitliyi Şurasının Sağlam Maliyyə Sistemləri üçün Əsas Standartlarından biridir və Dünya Bankının Standartlara və Kodekslərə Riayət Edilməsinə dair Hesabatlarının (ROSC) korporativ idarəetmə komponentinin qiymətləndirilməsi əsaslarını müəyyən edir. Prinsiplər, həmçinin beynəlxalq standartları müəyyən edən digər qurumlar, o cümlədən Bank Nəzarəti üzrə Bazel Komitəsi tərəfindən sahəvi korporativ idarəetmə təlimatlarının işlənib hazırlanmasında etalon kimi istifadə olunur. Prinsiplərin icrası İƏİT-nin Korporativ İdarəetmə üzrə Sorğu Kitabçası, yurisdiksiyalar üzrə təcrübələri müqayisə edən tematik məsələlər üzrə ekspert rəyləri və regional və ölkə üzrə korporativ idarəetmə üzrə aparılan monitorinq vasitəsilə izlənilirvə dəstəklənir.
Prinsiplər altı fəsildə təqdim olunur: I) Effektiv korporativ idarəetmə bazası üçün əsasların təmin edilməsi; II) Səhmdarların hüquqları və onlara ədalətli rəftar və əsas mülkiyyət funksiyaları; III) İnstitusional investorlar, fond bazarları və digər vasitəçilər; IV) Açıqlama və şəffaflıq; V) Şuranın vəzifələri; və VI) Dayanıqlılıq və davamlılıq.
Hər bir fəslin başlığı qalın kursivlə yazılmış müvafiq Prinsipin adını daşıyır və ondan sonra bir sıra dəstəkləyici Prinsiplər və onların alt Prinsipləri qalın hərflərlə qeyd edilir. Prinsiplər Prinsiplərin özlərinə və alt Prinsiplərə dair şərhləri ehtiva edən annotasiyalarla tamamlanır və onlar oxuculara onların əsaslandırmasını başa düşməyə kömək etmək məqsədi daşıyır. Annotasiyalar həmçinin mövcud və ya yaranmaqda olan tendensiyaların təsvirlərini ehtiva edə və Prinsipləri işlək etmək üçün faydalı ola biləcək alternativ icraetmə üsulları və nümunələri təklif edə bilər.