G20-nin/İƏİT-nin Korporativ İdarəetmə Prinsipləri korporativ idarəetmə üzrə aparıcı beynəlxalq standart hesab olunur. Prinsiplərin məqsədi bazar iştirakçılarının etibarlılığı və dürüstlüyünü, iqtisadi səmərəliliyi və maliyyə sabitliyini dəstəkləmək məqsədi ilə korporativ idarəetmə üçün hüquqi, tənzimləyici və institusional bazaları qiymətləndirmək və təkmilləşdirməkdə siyasəti müəyyən edən və tənzimləyən orqanlara kömək etməkdir.
Prinsiplər İƏİT-nin Şurası tərəfindən Nazirlər Səviyyəsində 2023-cü ilin iyun ayında qəbul edilmiş (Prinsiplər İƏİT-nin Korporativ İdarəetmə Prinsiplərinə dair Tövsiyəsində [OECD/LEGAL/0413] öz əksini tapmışdır) və 2023-cü ilin sentyabr ayında G20 liderləri tərəfindən təsdiq edilmişdir. Prinsiplər eyni zamanda Maliyyə Sabitliyi Şurasının Sağlam Maliyyə Sistemləri üçün Əsas Standartlarından biridir və korporativ idarəetmə sahəsində Dünya Bankının Standartlara və Kodekslərə Əməl Olunmasına dair Hesabatlarının (ROSC) əsasını təşkil edir.
Baxışın keçirilməsində iki əsas məqsəd olmuşdur: şirkətlərin kapital bazarlarından daxil olan maliyyə vəsaitlərinə çıxışı üçün şəraitin yaxşılaşdırılması üzrə milli səyləri dəstəkləmək və korporasiyaların dayanıqlılıq və davamlılığını dəstəkləyən korporativ idarəetmə siyasətlərini təşviq etmək, bu da öz növbəsində daha geniş iqtisadiyyatın davamlılığına və dayanıqlılığına töhfə verə bilər.
Müvafiq olaraq, Prinsiplərdə baş verən əsas təkamül korporasiyaların iqlimlə bağlı və digər dayanıqlılıq risklərinin və imkanlarının idarə edilməsində üzləşdiyi artan problemləri əks etdirən “Dayanıqlılıq və davamlılıq” üzrə yeni Fəsildir. Bu yeni Fəsil həmçinin Prinsiplərin əvvəlki variantının “Korporativ İdarəetmədə Maraqlı Tərəflərin Rolu” üzrə IV Fəsli özündə birləşdirir. Nəzərəçarpan sayda yeni tövsiyələr də işlənib hazırlanmış və Prinsiplərin mövcud fəsillərinə inteqrasiya edilmişdir, bununla belə onların strukturu dəyişməz olaraq saxlanmışdır.
Prinsiplərə baxış cənab Masato Kandanın sədrliyi ilə İƏİT-nin Korporativ İdarəetmə Komitəsi tərəfindən keçirilmişdir. İƏİT, G20 və MSŞ-nın üzvləri Komitədə iştirak edir və baxışın keçirilməsinə bərabər şərtlərlə öz töhfələrini verirlər. İƏİT-nin Asiya və Latın Amerikasında keçirilən regional korporativ idarəetmə üzrə dəyirmi masalarından, İƏİT-də Biznes (BIAC) təşkilatından və Həmkarlar İttifaqı Məsləhət Komitəsindən (TUAC) mühüm töhfələr də alınmışdır. Onlayn ictimai məsləhətləşmə və maraqlı tərəflərlə şəxsən məsləhətləşmələr də keçirilmiş və müvafiq beynəlxalq təşkilatların, xüsusilə Maliyyə Sabitliyi Şurası, Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun ekspertləri baxışın keçirilməsində iştirak etmişlər.
Prinsiplərin davamlı dəqiqliyi və müvafiqliyini təmin etmək üçün baxış həm kapital bazarlarında, həm də korporativ idarəetmə siyasət və təcrübələrində baş vermiş son dəyişiklikləri araşdıran geniş empirik və analitik tədqiqatlarla dəstəklənmiş və lazımi məlumatlarla təmin edilmişdir. Hazırlanmış hesabatlar həm Komitənin baxış zamanı nəzərə alınacaq prioritet sahələrin seçimi, həm də düzəlişlərin özləri haqqında məlumatı təmin etmişdir.
İƏİT, G20 və müvafiq əlaqədar tərəflər bundan sonra yenidən işlənmiş Prinsiplərin qlobal miqyasda effektiv icrasını təşviq etmək və onlara nəzarət etmək üçün səy göstərəcəklər. Buraya Korporativ İdarəetmə Prinsiplərinin Tətbiqinin Qiymətləndirilməsi Metodologiyasının nəzərdən keçirilməsi və Prinsiplərin çoxsaylı ölkələrdə həyata keçirilməsini qiymətləndirən İƏİT-nin Korporativ İdarəetmə üzrə Sorğu Kitabçasının müntəzəm nəşri daxildir.