Bu hesabat Azərbaycan İnvestisiya Holdinqi (AİH) və onun Portfel şirkətlərinin korporativ idarəetmə çərçivəsini İƏİT-nin "Dövlət müəssisələrində Korporativ İdarəetmə" Təlimatları (“DM Təlimatları”) üzrə 2015-ci il buraxılışına uyğun olaraq qiymətləndirir. Hesabat AİH-in sorğusu əsasında onun idarəetməsində olan Portfel şirkətləri üzrə AİH-in mülkiyyət və idarəetmə çərçivəsini gücləndirmək məqsədini dəstəkləmək üçün hazırlanmışdır. Layihə AİH və Dünya Bankı tərəfindən birgə maliyyələşdirilir. Dünya Bankı tərəfindən maliyyələşdirmə Avropa İttifaqı tərəfindən dəstəklənən Azərbaycan üçün Çevik Texniki Yardım Aləti proqramı çərçivəsində təmin edilir.
2005-ci ildə hazırlandığı gündən etibarən DM Təlimatları ölkələrə müəssisə sahibləri kimi öz öhdəliklərini necə səmərəli şəkildə idarə etmələri barədə konkret məsləhətlər vermiş və beləliklə, DM-lərin daha rəqabət qabiliyyətli, səmərəli və şəffaf olmalarına kömək göstərmişdir. Bu Təlimatlar G20/İƏİT-nin Korporativ İdarəetmə Prinsipləri və İƏİT-nin "Dövlət Müəssisələri üçün Korrupsiyaya Qarşı Mübarizə və Dürüstlük Təlimatları”nı tamamlayır və onlara uyğundur.
Layihə rəsmi olaraq 2023-cü ilin ikinci rübündə həyata keçirilməyə başlamışdır. İƏİT Katibliyi tərəfindən paylaşılan bir sıra sorğu vərəqələri əsasında Azərbaycanın hakimiyyət orqanlarından məlumat və müvafiq verilənlər (data) əldə edilmişdir. Əlavə məlumatlar İƏİT-nin Katibliyi tərəfindən 2023-cü ilin oktyabr ayında və 2024-cü ilin yanvar-fevral aylarında Bakıda həyata keçirilən faktların aşkarlanması missiyası zamanı, habelə AİH və Azərbaycanın hakimiyyət orqanları ilə dialoq vasitəsilə əldə edilmişdir.
Hesabatın ilkin variantı DM Təlimatlarının effektiv icrasına nəzarət edən orqan olan İƏİT-nin Dövlət Mülkiyyəti və Özəlləşdirmə Təcrübələri üzrə İşçi Qrupu tərəfindən onun 2023-cü ilin noyabr və 2024-cü ilin mart aylarında keçirilən iclaslarında müzakirə edilmişdir.
Hesabat 4 fəsildən ibarətdir. 1-ci Fəsil ölkə konteksti və AİH-in fəaliyyət göstərdiyi sahə barədə məlumatları təqdim edir. O, ölkədəki iqtisadi və siyasi sistem haqqında ümumi məlumatla başlayır, daha sonra Azərbaycanın DM sahəsini, hüquqi və institusional bazanı və DM-lər üçün mülkiyyət mexanizmlərini təsvir edir. 2-ci Fəsil AİH-in Portfel şirkətləri barədə ətraflı icmalı təqdim edir. 3-cü Fəsildə AİH və onun Portfel şirkətlərinin DM Təlimatlarına uyğunluğu qiymətləndirilir. 4-cü Fəsil isə AİH və onun Portfel şirkətlərinə tətbiq olunan korporativ idarəetmə çərçivəsini təkmilləşdirmək üçün nəticələr təqdim edir və tövsiyələr verir.
Hesabat Dövlət Müəssisələri Bölməsinin rəhbəri (v.m.i.e.) Sara Sultanın nəzarəti altında İƏİT-nin Kapital Bazarları və Maliyyə Təşkilatları Bölməsinin əməkdaşları Talisa zur Hausen və Gijs van Verschuer tərəfindən hazırlanmışdır. Karoline Irmscher (İƏİT), Aqil Abdullayev və Samir Əliyev (İƏİT-nin yerli məsləhətçiləri) mühüm töhfələr vermişdirlər. Andzs Ubelis, Salamat Kussainova və Nadir Ramazanov da daxil olmaqla Dünya Bankının qrupu hesabatın hazırlanmasına, xüsusən də 1.1 və 1.2-ci bölmələrə töhfələr verməklə dəstək göstərmişdirlər. Dövlət mülkiyyəti və Özəlləşdirmə təcrübələri üzrə İşçi Qrupun Niderland və ABŞ Nümayəndələrindən ibarət qeyri-rəsmi işçi qrupu hesabata daxil olan məlumatları təqdim etmişdir. İƏİT-dən olan Meral Gedik, Greta Gabbarini və Liv Gudmundson redaktə dəstəyi göstərmiş və hesabatı nəşrə hazırlamışdırlar.